İsrail İspaniya nazirinin son açıqlamaları ilə əlaqədar İspaniyanın müvəqqəti işlər vəkili Fransiska Pedrosu çağırıb.
"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Qeyd olunub ki, İsrail XİN-in Siyasi-strateji məsələlər üzrə Direktoratının rəhbəri Gilad Koen ispan diplomata Gənclərlə iş üzrə nazir Sira Reqonun İspaniya ictimaiyyətinin "çaydan dənizə qədər" Fələstin dövlətini dəstəkləməsi barədə bəyanatı ilə bağlı narazılığını ifadə edib.
İsrailin XİN-dən bildirilib ki, Reqonun açıqlaması İspaniya hökuməti və Baş nazir Pedro Sançes tərəfindən İsrailə qarşı həyata keçirilən sistematik siyasətinin bir hissəsidir.
Bundan əlavə, qurum Sançesi İran və HƏMAS hərəkatı ilə qarşıdurmada özünümüdafiə hüququnu reallaşdırdığına görə İsraili tənqid etməkdə ittiham edib.
2025-ci ilin sentyabrında İsrail Sira Reqonun ölkəyə girişinə qadağa qoyub.