Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” 8 iyul 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.
Sazişin məqsədi tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir.
Sənəd 17 maddədən ibarətdir.
Sazişə əsasən, Azərbaycan tərəfi üçün səlahiyyətli təhlükəsizlik orqanı Azerbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfi üçün isə Slovakiya Respublikasının Milli Təhlükəsizlik Qurumudur.
Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası üçün “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” kimi müəyyən edilib.
Məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, məxfi məlumatın mühafizəsi üçün öz məsuliyyətləri barədə təlimatlandırılan və qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, məlumatın açıqlanmaması barədə müqaviləni imzalamış şəxslərə verilir.
Məxfi məlumat qəbul edən tərəfə göndərən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və ya səlahiyyətli təhlükəsizlik orqanları arasında yazılı şəkildə razılaşdırılmış başqa qaydada ötürülür. Məxfi məlumatın elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Qəbul edən tərəf məxfi məlumatın qəbul edilməsini yazılı şəkildə təsdiq edir.
Səlahiyyətli təhlükəsizlik orqanları sorğu əsasında məxfi məlumatın mühafizəsi üzrə öz dövlətlərinin milli qanunvericiliklərində, siyasətlərində və təcrübelerinde dəyişikliklər barədə bir-birini məlumatlandırırlar.
Bu Saziş çərçivəsində əməkdaşlıq ingilis dilində həyata keçirilir.
Sazişin təfsiri, tətbiqi və ya yerinə yetirilməsindən yaranan hər hansı mübahisə tərəflər arasında yalnız məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir ve hell üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya 3-cü tərəfə müraciət edilmir.
Saziş tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişdirilə bilər. Belə dəyişikliklər Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir.
“Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.