İran İslam Respublikasının Gürcüstandakı səfiri Seyid Əli Moujani sosial şəbəkələrdə Kraliça Keteva ilə bağlı paylaşımına görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilir ki, xarici işlər nazirinin müavini Aleksandre Xvtişiaşvili İran səfiri ilə görüşdə onun sosial şəbəkədə yaydığı bəyanatların diplomatik fəaliyyət çərçivəsindən kənara çıxdığını qeyd edib.
Görüşdə iranlı diplomata izah edilib ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə qəbul edilmiş normalara riayət etməli və ev sahibi ölkənin tarixi və daxili məsələlərini şərh etməkdən çəkinməlidirlər.