Prezident İlham Əliyev: Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir

Baş verən prosesləri işıqlandıran və cəmiyyətə çatdıran media ictimai rəyin formalaşmasına, qarşılıqlı etimad və anlaşmaya, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir.

Bu fikir Prezident İlham Əliyevin Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumunun iştirakçılarına müraciətində yer alıb.

“Dezinformasiyanın geniş yayılması, süni intellekt texnologiyalarından sui-istifadə etməklə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir. Xüsusilə sosial media və rəqəmsal platformaların informasiya məkanında rolunun sürətlə böyüdüyü bir zamanda medianın hesabatlılığı və üzərinə düşən məsuliyyəti daha da artır. Bütün bunlar media institutlarının peşəkarlığına və obyektivliyinə olan tələbləri daha da yüksəldir, ortaq informasiya məsuliyyətinin formalaşdırılmasını zəruri edir”, - deyə müraciətdə vurğulanıb.

Qeyd edək ki, Media və Yayım Şurasının təşkilatçılığı ilə Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

Forum müxtəlif yanaşmaların bölüşülməsi, təcrübə mübadiləsinin aparılması və regionda qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edən əməkdaşlıq imkanlarının müzakirəsi üçün platforma kimi nəzərdə tutulub.

Tədbirin diqqət mərkəzində müasir medianın dəqiq, etibarlı və qərəzsiz məlumat təqdim etmək məsuliyyəti dayanır. Süni intellektin və sosial media platformalarının informasiya məkanına təsirinin sürətlə artdığı bir şəraitdə medianın etimadın formalaşdırılmasında rolu, həmçinin informasiya mühitində qarşıya çıxan çağırışların müzakirəsi forumun əsas istiqamətlərindəndir.