Türk dövlətləri "ADEX 2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində bir araya gələrək yol xəritəsini təsdiqləyiblər.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev deyib.
Onun sözlərinə görə, burada TDT-nin müdafiə sənayesi ilə bağlı ikinci iclası keçirildi:
"Bu cür iclasların keçirilməsi çox vacibdir. Türk dövlətləri olaraq bir çox məsələləri müzakirə etdik. Dünyada hazırda bir sıra müharibələr və münaqişələr var. Biz birlikdə fəaliyyət göstərməliyik. Çünki birlikdə daha güclüyük. Bugünkü ADEX sərgisinin də ən vacib tərəfi odur ki, ölkələrimiz bir araya gələrək yol xəritəsini təsdiqlədilər. Bu yol xəritəsinin daxilində hər şey var, xüsusən də hərbi sənaye sahəsində birgə çalışmaqla bağlı razılaşmalar əldə etdik".
TDT-nin Baş katibi, həmçinin əlavə edib ki, Azərbaycanın II Qarabağ müharibəsindəki zəfəri yalnız Türk dünyası üçün deyil, bütün dünya üçün böyük bir nümunə oldu.