Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL

2020-ci ildə baş verən 44 günlük müharibə Azərbaycanın Ermənistan üzərində hərbi-siyasi üstünlüyü ilə nəticələndi və regionun geosiyasi arxitekturasında yeni reallıqlar formalaşdırdı. Döyüş meydanında əldə olunan strateji üstünlüyün diplomatik müstəvidə konkret nəticələrə çevrilməsi, xüsusilə Ağdam, Kəlbəcər və Laçın şəhərlərinin hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması Bakının regionda yeni geosiyasi reallıqların formalaşmasında əsas tərəflərdən biri kimi mövqeyini möhkəmləndirdi.

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazdakı yeni reallıqların geosiyasi nəticələri barədə etdiyi çıxışlarla strateji mənzərəni daha da aydınlaşdıraraq yeni vizyonu təqdim etdi. Azərbaycan dövlətinin informasiya siyasəti həmin istiqamətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında səmərəli işlədi. Həmin vizyonu analitik çərçivədə iki cür oxumaq olar:

- Rəsmi Bakı postmünaqişə dövrünün reallıqlarını, regional təhlükəsizlik arxitekturasını qlobal güc mərkəzlərinin və beynəlxalq platformaların gündəliyinə inteqrasiya etmək strategiyasını yürüdür;

- Burada sülh və təhlükəsizlik, əməkdaşlıq mərkəzi mövqedə dayanır.

Ancaq bunun tam gücü ilə reallaşması üçün qarşıda duran daha bir maneə aradan qaldırılmalı idi. 2023-cü ilin sentyabrında Azərbaycan regionda antiterror tədbirləri keçirməklə separatizmi sonlandıranda həmin proses üçün heç bir baryer qalmadı.

Bununla da Azərbaycan Prezidenti dövlətimizin strateji hədəflərini reallaşdırmaq istiqamətində qətiyyətini və prinsipial siyasi iradəsini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyevin müharibədən sonra elan etdiyi doktrinal konsepsiyaya uyğun siyasətin təzahürü bu gün daha da irəliyə gedir. Bu siyasət Azərbaycan strategiyası ilə əlaqədar aşağıdakı məqamları modelləşdirir:

- Azərbaycan dövlətinin beynəlxalq nüfuzundakı eksklüziv dəyərlər diqqət mərkəzinə düşür;

- Ölkəmiz regionda və qlobal miqyasda mühüm siyasi, iqtisadi və diplomatik platforma kimi rolunu gücləndirir;

- Azərbaycan müttəfiq və tərəfdaş siyahısını genişləndirərək regionun təhlükəsizliyi üçün prioritetləri müəyyənləşdirən tərəfə çevirilir;

- Respublikamız yeni nəqliyyat və enerji xəritəsini təqdim edərək bunu gələcəkdə açılacaq Zəngəzur dəhlizinin parametrlərinə transfer edir.

Qeyd olunan dörd məqam Zəngəzur dəhlizi ilə bağlı vahid konsepsiyanın ayrı-ayrı elementləri kimi nəzərdən keçirilə bilər. Azərbaycan öz strateji yanaşmalarını beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilmək perspektivi olan Zəngəzur dəhlizi ilə əlaqələndirir. Bu yanaşma yalnız nəqliyyat və logistika məsələlərini deyil, daha geniş geosiyasi və geoiqtisadi gündəliyi əhatə edir və regionda formalaşan yeni beynəlxalq nizamın əsas parametrlərinə təsir göstərən amillərdən biri kimi çıxış edir. Çünki nəqliyyat dəhlizlərinin inkişafı və onların fəaliyyət parametrlərinin yenilənməsi təhlükəsizlik məsələlərindən tutmuş geoiqtisadi və geosiyasi maraqların uzlaşdırılmasına qədər geniş spektri əhatə edir.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı üçün əhəmiyyəti

Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi potensialı onun geosiyasi yüksəlişini təmin edərkən Azərbaycanın mövqeyi daha da möhkəmlənir. Zəngəzur dəhlizi kontekstində bu məqam xüsusilə əhəmiyyətlidir. Bunu üç istiqamətdə görmək olar.

Birincisi, Azərbaycan TDT-dəki maraqları ilə Zəngəzur dəhlizinin perspektivini birləşdirərək Avrasiya geosiyasətindəki nəqliyyat xəritəsinin yenilənməsinə səy göstərir. Bu, Avrasiya üzrə təhlükəsizlik çərçivələrində Azərbaycanın mövqeyinin nəzərə alınmasını şərtləndirir.

İkincisi, Azərbaycan TDT-nin coğrafi bütövlüyünü iqtisadi-siyasi platforma və regional təhlükəsizliyin barometri kimi gücləndirir. Bu xüsusda Zəngəzur dəhlizinin vahid geosiyasi məkan kimi məzmunu önəm daşıyır.

Üçüncüsü, TDT ilə Zəngəzur dəhlizinin bir portfeldə birləşməsi Mərkəzi Asiya resurslarının Avropa bazarlarına çıxışını asanlaşdırır. Bununla da, Azərbaycanın yeni tranzit dəyəri meydana çıxır.

Postmüharibə reallıqlarında enerji siyasəti

Azərbaycanın konsepsiyasındakı mühüm istiqamətlərdən biri də enerji təchizatındakı roludur. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın üzləşdiyi çətinliklər Azərbaycanın Avro-Atlantik regionun enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini daha da önə çıxardı. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan ənənəvi neft və qaz ixracatçısı olmaqla yanaşı, yaşıl enerji siyasətini də gündəliyinə gətirdi. Qarabağ və Şərqi Zəngəzurda alternativ enerjiyə yatırılan sərmayələr və Avropaya yaşıl enerji ixracı perspektivi bu siyasətin mühüm istiqamətlərindəndir.

Beləliklə, Azərbaycanın hərbi gücünü diplomatik və iqtisadi təşəbbüslərlə tamamlaması regional mövqeyini gücləndirir. Zəngəzur dəhlizinin açılması perspektivi və Türk dünyasının geoiqtisadi əlaqələrinin genişlənməsi isə Azərbaycanın Avrasiyanın nəqliyyat və enerji xəritəsində strateji rolunu artırır.