İsrail sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinin təyyarəsinin göyərtəsində baş verən hücumu israillilərə qarşı terror aktına cəhd kimi qiymətləndirir.
Bunu İsrailin Rusiyadakı səfiri Oded Yosef “Kommersant” qəzetinə müsahibəsində deyib.
AZƏRTAC xəbər verir ki, diplomat hadisə ilə bağlı araşdırmanın davam etdiyini, lakin hazırda əldə olunan məlumatların, o cümlədən təyyarədə olan şəxslərin ifadələrinin İsrail tərəfinə bunu terror aktına cəhd kimi qiymətləndirməyə əsas verdiyini qeyd edib.
Səfirin sözlərinə görə, ehtimal olunur ki, hücum edən şəxs İsrailə uçan və əsasən İsrail vətəndaşlarını daşıyan Birləşmiş Ərəb Əmirliklərinə məxsus aviaşirkətin reysini qəsdən seçib. Bununla belə, onun təkbaşına, yoxsa hər hansı terror təşkilatının adından hərəkət etdiyi hələ müəyyən edilməyib.
O.Yosef bildirib ki, baş verənlər “İbrahim sazişləri”ni və İsrailin ərəb dövlətləri ilə münasibətlərinin normallaşdırılması prosesini pozmağa yönəlmiş ola bilər.
“Baş verənlər əsl möcüzədir. Təyyarənin qəzaya uğramasına sözün əsl mənasında bir dəqiqə qalmışdı”, - deyə səfir bildirib. Onun sözlərinə görə, faciənin qarşısını sərnişinlərin və ekipaj üzvlərinin hərəkətləri sayəsində almaq mümkün olub.
Diplomat mülki aviasiyada təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb. Onun fikrincə, baş verənlərdən sonra İsrail BƏƏ və digər ölkələrlə birlikdə aviareyslərin mühafizəsi üzrə əlavə tədbirləri müəyyən etməlidir.
Səfir uçuş heyəti üzvlərinə nəzarətin də gücləndirilməsini, o cümlədən hər reysdən əvvəl onların təyyarənin göyərtəsinə silah keçirib-keçirmədiklərinin yoxlanılmasını zəruri hesab edir.
Mövcud məlumata görə, ikinci pilot təyyarənin göyərtəsinə bıçaq keçirib və hava gəmisinin komandirinə zərbə endirib. Bundan sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.