Region ölkələri arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Lakin hazırda çatışmayan əsas məqamlardan biri bu əməkdaşlığı sistemli şəkildə əlaqələndirəcək institusional strukturun yaradılmasıdır. Bütün ölkələrin fəaliyyətini yuxarıdan aşağıya deyil, üfüqi müstəvidə əlaqələndirən bir təşkilata ehtiyac var. Mərkəzi Asiyanın bütün ölkələri və Cənubi Qafqazın hər üç dövləti vahid komanda kimi təmsil olunmalıdır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Orta Asiya-Qafqaz İnstitutunun təsisçisi və sədri Frederik Starr bildirib.
Onun sözlərinə görə, belə bir strukturun yaradılması regionda əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verə bilər.
“Düşünürəm ki, bu baş verəcək və belə bir struktur yaradılacaq. Əminəm ki, bu, ən geci qarşıdakı bir il ərzində reallaşa bilər. Bu, olduqca maraqlı və müsbət hadisədir. Ən əsası isə bu əməkdaşlıq heç kimə qarşı yönəlməyib”, - deyə Frederik Starr vurğulayıb.
Kiçik və orta sahibkarlığın regional bazarlara çıxış imkanlarına toxunan Frederik Starr qeyd edib ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar bizneslərini necə inkişaf etdirməli olduqlarını yaxşı bilirlər. Onun fikrincə, əsas məsələ hökumətlərarası, siyasi və sərhəd maneələrinin aradan qaldırılmasıdır: “Səkkiz fərqli sərhəd rejimi və səkkiz müxtəlif viza sistemi olduğu halda, kiçik və ya orta biznes necə uğurla fəaliyyət göstərə bilər? Tutaq ki, siz turizm sahəsində çalışırsınız və insanları regiona dəvət edirsiniz, lakin bunun üçün səkkiz müxtəlif viza tələb olunur. Bu, nə dərəcədə məntiqlidir? Mövcud maneələrin aradan qaldırılması ilə regionda çox böyük imkanlar yaradıla bilər”.