Tramp Venesuelaya hərbi müdaxilədən qabaq süni intellektlə məsləhətləşib

ABŞ Prezidenti Donald Tramp "xAI" şirkətinin hazırladığı süni intellekt (Sİ) əsaslı “Grok” çat-botu ilə Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi planlarını müzakirə edib.

Bu barədə “Time” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Jurnalın məlumatına görə, bu, 2025-ci ilin dekabrında Maskla Oval kabinetdə keçirilən qapalı görüşdən sonra baş verib. Jurnal yazır ki, ABŞ lideri bir neçə saat ərzində Grok-a “prezidentliyi və irsi” ilə bağlı suallar verib. Daha sonra o, çat-botdan ABŞ-nin Maduronu ələ keçirməsi halında venesuelalıların buna necə reaksiya verəcəyini soruşub. “Time”ın məlumatına görə, Grok “Venesuela sakinlərinin böyük ehtimalla bundan məmnun qalacağını” bildirib.

 

Əməliyyat keçirildikdən sonra Tramp “Grok”u “dahiyanə bir ixtira” adlandırıb.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə zərbələr endirib, ölkə Prezidenti Nikolas Maduronu və həyat yoldaşı Seliya Floresi ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıb. Onlara narkotik alverində iştirak ittihamı irəli sürülüb. Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduro dövründə respublikanın icraçı vitse-prezidenti vəzifəsində çalışmış səlahiyyətli prezident Del­si Rodriqes həyata keçirir.