Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır.

Bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı bildirib.

Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin xərcləndiyini deyən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək.

Qeyd edək ki, Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.

Qurultaya YAP-ın rayon və şəhər təşkilatları tərəfindən 960 nümayəndə seçilib.

VIII Qurultaya hazırlıq çərçivəsində sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatında hesabat konfransları keçirilib. Həmin konfranslarda ümumilikdə 16 239 nəfər iştirak edib.

Hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib, əldə olunan nəticələr müzakirə edilib.