Kiberordu ilə bağlı institusional fəaliyyət davam edir, əsgərlərin bu sahədə xidməti təşkil olunub - İdarə rəisi

Kiberordu ilə bağlı institusional fəaliyyətimiz davam edir və əsgərlərin bu sahədə xidməti təşkil olunub.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik İdarəsinin rəisi Elşən Həsənov “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda keçirilən sektorial görüşdə deyib.

O qeyd edib ki, bu məsələlər ictimaiyyətə tam açıqlanmasa da, hazırda xüsusi təhsili və bilikləri olan hərbi qulluqçular səmərəli istifadə üçün prosesə cəlb olunurlar.

“Kiberordu ilə bağlı çox vacib məqamlar var. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığına əsasən, bu sahədə texniki biliyə və bacarığa malik müddətli həqiqi hərbi qulluqçuların (əsgərlərin) bu işlərə cəlb olunması rəhbərliyin diqqət mərkəzindədir.

 

Kibertəhlükəsizlik Əməliyyat Mərkəzində və digər qoşun növlərində bu sahə üzrə hərbi xidmət uğurla təşkil edilib”,- deyə o bildirib.

E.Həsənov əlavə edib ki, hazırda çox sürətli şəkildə rəqəmsallaşma prosesi gedir.

“İstənilən növdə silah sistemə inteqrasiya olunursa, onun təhlükəsizlik tələblərinə cavab verməsi yoxlanılır. Bilirsiniz ki, yeni nəsil silahların və insansız sistemlərin hər biri proqram təminatı ilə işləyir. Sistemə inteqrasiya olunan bütün silah və texnikalar kod analizindən başlayaraq müxtəlif sınaqlardan keçirilir. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra həmin silahlar silahlanmaya qəbul olunur”,- deyə o vurğulayıb.