Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sıralarını tərk etməyə tələsməməlidir.
TASS-ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenko rəsmi İrəvanı “bu gün fayda verən şeylərdən” yaxa qurtarmağa tələsməməyə çağırıb.
“Bu gün sənə fayda verən şeyi tərk etməyə tələsmək gərəksizdir. Bu ümumi bazardan (Avrasiya İttifaqından –red) çıxmaq lazım deyil. Mən sizdən xahiş edirəm, bundan uzaqlaşmağa tələsməyin. Mənə - artıq 30 ilə yaxındır prezidentlik edən qoca prezidentə inanın, bizi heç bir yerdə gözləmirlər”, - deyə Lukaşenko bildirib.
Qeyd edək ki, Ermənistan 2 yanvar 2015-ci ildə Avrasiya İqtisadi İttifaqına üzv olub. Ölkənin Aİİ-yə qoşulması barədə saziş 2014-cü il oktyabrın 10-da Minskdə imzalanıb.