Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

CAMCA Regional Forumu mühüm müzakirə platformalarından biridir. Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada regionla bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Səsləndirilən yanaşmalar diplomatlar, alimlər və ekspertlər vasitəsilə müvafiq dairələrə çatdırılır. Bu, regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdə ABŞ regionda kifayət qədər fəal siyasət yürüdüb. Həmin dövrdə enerji məsələləri ilə yanaşı, təhlükəsizlik, humanitar əməkdaşlıq və digər mühüm istiqamətlər də diqqət mərkəzində olub.

“Bu gün belə bir forumun Bakıda keçirilməsi ABŞ-nin Cənubi Qafqaza, o cümlədən Azərbaycana marağının yenidən artmasının göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Son illərdə ABŞ-nin regionda əvvəlki səviyyədə ardıcıl və fəal siyasətini müşahidə etmirdik. Halbuki regionla bağlı siyasətdə ardıcıllıq olduqca vacibdir. Hər hansı təşəbbüs və ya layihəyə başlanılırsa, onun davamlı şəkildə həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bəzən müəyyən hədəflər qarşıya qoyulur, onların icrasına başlanılır, lakin proses sonradan yarımçıq qalır. Eyni zamanda, bu cür platformalar Azərbaycanın mövqeyini və mesajlarını beynəlxalq auditoriyaya çatdırmaq, müxtəlif ölkələrin diplomatları və ekspertləri ilə birbaşa təmaslar qurmaq üçün mühüm imkan yaradır”, – deyə Fərid Şəfiyev əlavə edib.