Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aytkurman Omarbekovu müdafiə nazirinin birinci müavini – respublika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edib.
Bu barədə Qazaxıstan dövlət başçısının Mətbuat xidməti məlumat yayıb.
Omarbekov bundan əvvəl Dövlət Mühafizə Xidməti (DMX) rəisinin müavini – xüsusi təyinatlı qüvvələrin komandanı vəzifəsində çalışıb. Prezidentin sərəncamına əsasən, o, bu vəzifədən azad edilib. DMX prezidentin və digər yüksək vəzifəli şəxslərin mühafizəsini təmin edir.
Müdafiə qurumunda kadr dəyişiklikləri Xəzərdə baş verən faciədən sonra həyata keçirilib. Təlimlər zamanı 14 hərbçi həlak olub. Belə ki, oktyabrın 3-də Tokayev Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kanış Abubakirovu, Hərbi Dəniz Qüvvələrinin baş komandanı Kanat Niyazbekovu və müdafiə nazirinin müavini Almaz Jumakeyevı vəzifələrindən azad edib.