Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

“Pulsuz hüquqi yardım haqqında" yeni qanun layihəsi hazırlanıb.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bugünkü iclasının gündəliyinə daxil edilib.

Beş fəsil 14 maddədən ibarət olan qanun layihəsi vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilmir. Eyni zamanda, Ələt azad iqtisadi zonasında pulsuz hüquqi yardım sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Pulsuz hüquqi yardım aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək:

- pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquqlarının bərabərliyi;

- pulsuz hüquqi yardıma əlçatanlıq;

- pulsuz hüquqi yardım göstərən şəxslərin peşəkarlığı;

- pulsuz hüquqi yardımın operativliyi, keyfiyyəti və effektivliyi;

- konfidensiallıq;

- maraqlar toqquşmasının yolverilməzliyi.

Sənədə əsasən, Qanunla başqa hal nəzərdə tutulmadığı halda, pulsuz hüquqi yardım bu məqsədlə dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına həyata keçiriləcək.