Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ombudsman Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets ilə görüşüb.

Görüşdə insan hüquq və azadlıqlarının müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi və bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib.

 

Müvəkkil iki ölkənin ombudsman təsisatları arasında mövcud səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. O, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmin edilməsi sahəsində əməkdaşlığın perspektivlərini Dmitro Lubinets ilə müzakirə edib.

Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ombudsman təsisatları arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Dmitro Lubinets insan hüquqlarının müdafiəsi sahəsində ombudsman təsisatları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.