Bakı Dövlət Universiteti (BDU) ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, habelə birgə elmi-tədqiqatların aparılması ilə bağlı əməkdaşlıq istiqamətləri öz əksini tapıb. Bundan əlavə, elmi jurnallarda birgə məqalələrin dərc edilməsi, ortaq akademik proqramlar, tədris planları və sillabusların işlənib-hazırlanması, müxtəlif təlimlərin keçirilməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi nəzərdə tutulub.
Anlaşma memorandumunu BDU-nun rektoru Elçin Babayev və Qafqaz Beynəlxalq Universitetinin rektoru Kakhaber Kordzaia imzalayıblar.