Yəmən səfiri: Azərbaycan və Türkiyə ölkəmiz üçün mühüm və etibarlı tərəfdaşdır

Yəmənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq "Report"un Türkiyə bürosuna müsahibəsində rəsmi Bakı ilə münasibətlərin yeni mərhələyə yüksəldilməsi və Azərbaycanın regiondakı mövqeyinin güclənməsindən danışıb.

Bununla yanaşı o, ölkəsində və regionda baş verən proseslər, İsrail-İran qarşıdurmasında husilərin fəallığı və bu savaşın xalqına gətirdiyi fəlakətlər, eləcə də Yaxın Şərqdə dəyişən geosiyasi mənzərə ilə bağlı Yəmənin rəsmi mövqeyindən də bəhs edib.

- Cənab səfir, Yəmənin Baş naziri və xarici işlər naziri Şaya Möhsün əz-Zindani Antalya Diplomatiya Forumu zamanı "Report"a açıqlamasında bildirmişdi ki, Azərbaycanla mədəni əməkdaşlıq və iqtisadi-ticarət sazişlərinin inkişafını xüsusilə vacib hesab edir. Bir səfir olaraq, siz Azərbaycanla Yəmən arasında münasibətlərin inkişafı üçün hansı sahələri prioritet hesab edirsiniz?

- Əvvəlcə onu deyim ki, biz yəmənlilər Azərbaycan dövlətinə və xalqına xüsusi sevgi, rəğbət bəsləyirik və iki ölkə arasındakı münasibətləri mümkün qədər genişləndirmək, inkişaf etdirmək niyyətindəyik.

Bəli, Baş nazirimizin də qeyd etdiyi kimi, yəmənlilər Azərbaycanla mədəniyyət, xüsusilə də təhsil və səhiyyə, ticarət sahələrində əlaqələrin genişləndirilməsini vacib hesab edir.

Azərbaycanın bu gün yaşadığı iqtisadi yüksəlişi və strateji mövqeyi yaxından izləyirəm, əldə olunan inkişaf, demək olar ki, bütün sahələrdə qazanılan uğurları böyük heyranlıqla müşahidə edirəm. Xüsusilə neft və təbii qaz sektorlarında Azərbaycanın kifayət qədər mühüm mövqeyə sahib olduğunu görürük. Hətta kosmik sahəyə də böyük diqqət ayırdığınız müşahidə olunur və bu istiqamətdə də uğurlu nəticələr əldə edəcəyinizə inanıram.

Mən COP 29-da da iştirak etmişdim. Bu beynəlxalq tədbir bir daha sübut etdi ki, həqiqətən Azərbaycan güclü dövlətdir. Biz Azərbaycanla əməkdaşlıq etməkdən məmnunluq və qürur duyarıq.

- Azərbaycan Prezidentinə etimadnamənizi təqdim edərkən bəzi nazirlərlə də görüşlər keçirmişdiniz. Hazırda hansı nəticələr əldə olunub?

- Mənim üçün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək şərəf idi. Bəli, o zaman bir neçə nazir ilə də görüşdük, iki ölkə arasındakı əməkdaşlığın perspektivlərini müzakirə etdik.

Azərbaycanın Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyinin nümayəndələri ilə müxtəlif məsələləri müzakirə etdik. Görüşlərimiz zamanı nazirlərinizin hamısının gənc və enerjili olması məndə çox müsbət təəssürat yaratdı. Mədəniyyət və təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif kursların və təlim proqramlarının təşkili, təqaüdlərin ayrılması, tələbə mübadiləsi və dövlət qurumlarının əməkdaşları üçün ixtisasartırma imkanlarının yaradılması barədə razılığa gəldik.

- Vaxtilə Yəmən ilə Sovet İttifaqı arasında, o cümlədən Azərbaycanla müxtəlif mədəni və təhsil əlaqələri qurulmuşdu. Məsələn, Yəməndə teatr və opera sənətinin formalaşmasında azərbaycanlı mütəxəssislərin də müəyyən rolu olub. İndi necə bu mədəni əlaqələr istiqamətində fəaliyyətlər varmı?

- Doğrudur, sovetlər dönəmində də bizim çox yaxşı əlaqələrimiz olub. Həmin dövrdə Azərbaycanın mütəxəssisləri Yəməndə, xüsusilə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstəriblər. Yəmənli tələbələr Azərbaycanda təhsil alıb. Onların bəziləri Azərbaycanda məskunlaşıb, ailə qurub, övladları, nəvələri burada böyüyüb. Səfərimiz zamanı belə ailələrdən bir neçəsi ilə görüşdük. Onlarla söhbət etmək bizim üçün çox maraqlı və xoş oldu.

Biz bütün bunları iki ölkə arasında mövcud olan tarixi əlaqələrin mühüm hissəsi kimi qiymətləndiririk. İndi əsas məqsədimiz həmin tarixi bağları müasir dövrün imkanları ilə tamamlayaraq, yeni əməkdaşlıq istiqamətləri yaratmaqdır.

Xüsusilə təhsil sahəsində tələbə mübadiləsinin həyata keçirilməsi, yəmənli tələbələrin Azərbaycanda təqaüdlə təhsil alması və dövlət qurumlarının əməkdaşlarının müxtəlif texniki və peşəkar kurslara cəlb olunması ilə bağlı marağımız var.

Bundan başqa xüsusilə neft və təbii qazın kəşfiyyatı, balıqçılıq və dənizçilik sahələrində əməkdaşlıqlarımızın inkişafına ümid edirəm. Yəməndə çoxlu qızıl, neft-qaz yataqları var. Əslində, bütün sektorlarda çox böyük potensial mövcuddur. Məsələn, Yəmənin tarixi çox qədim və zəngindir. Coğrafi olaraq dünyanın və Yaxın Şərqin ən qədim sivilizasiya beşiklərindən biridir, Yəmən. "Qurani-Kərim"də də adı keçən Belqis kraliçasının Baran məbədi, Avvam məbədi kimi tarixi abidələrin qalıqları turistləri çox cəlb edir. Ümumiyyətlə, hər bir sahədə əməkdaşlıq böyük fayda verə bilər.

Əslində bizim planımız belə idi ki, mən Azərbaycandan qayıtdıqdan sonra qarşılıqlı olaraq aidiyyəti qurumlarımız, nazirlərimiz görüşsünlər, konkret əməkdaşlıq proqramı hazırlansın.

Təəssüf ki, Yəməndəki mövcud müharibə şəraiti, qeyri-sabitlik səbəbindən nazirlərin qarşılıqlı səfərlərini həyata keçirmək mümkün olmadı. Bu səbəbdən proses bir qədər ləngidi. Amma bu məsələ bizim gündəmimizdə qalır.

- Yəmənin qədim tarixinin, zəngin mədəniyyətinin olduğunu dediniz. Hazırda ölkədə turizm və ya səyahət üçün təhlükəsizlik vəziyyəti necədir?

- Yəmən çox zəngin ölkədir. Hər baxımdan böyük imkanlara malikdir. Dənizləri, adaları, səhraları, birbaşa qlobal okean ticarət yollarının mərkəzində yerləşməsi və digər təbii sərvətləri ölkəmizin böyük potensiala malik olduğunun göstəricisidir. Hazırda qanuni hökumətin nəzarətində olan bölgələr var. Məsələn, unikal təbiətli Sokotra Adası tamamilə təhlükəsizdir. Həzrəməut bölgəsi, Seyun və Tarim şəhərləri, eləcə də UNESCO-nun irsi siyahısında olan qədim gilli çoxmərtəbəli binaları ilə tanınan Şibam şəhəri də nisbətən sabitdir.

- Yeri gəlmişkən, Qırmızı dənizdəki təhlükəsizlik vəziyyətini, Husilərlə yaşanan problemləri və ölkədə davamlı sülhün təmin olunması istiqamətində mövcud durumu, necə qiymətləndirirsiniz?

- Yəməndə müharibə və daxili qarşıdurma vəziyyəti hökm sürür. Husilər 10 ildən çoxdur ki, nəzarət etdikləri ərazilərdə möhkəmlənə və kök sala biliblər. Məlumdur ki, Yəmənin Babül-Məndəb boğazı strateji baxımdan olduqca mühüm əhəmiyyət daşıyır və bəzi aspektlərdən hətta Hörmüz boğazından daha böyük geosiyasi əhəmiyyətə malikdir. Onlar əllərində olan bütün imkanlardan istifadə edərək Babül-Məndəbdə tamamilə nəzarəti ələ keçirməyə çalışırlar.

Nə baş verməsindən asılı olmayaraq, ümidimiz ondan ibarətdir ki, Yəmənin ərazi bütövlüyünü və birliyini qorumaq mümkün olacaq. Çünki Yəmənin coğrafi mövqeyi yalnız bu ölkəni deyil, bütün dünyanı və xüsusilə regionu maraqlandıran mühüm məsələdir.

- Problemin sülh yolu ilə həll etmək və Yəməndə davamlı sülhü təmin etmək üçün hansı diplomatik addımlar atılır?

- Biz bu problemin sülh yolu ilə həll olunmasını istəyirik. Yəmənin qanuni hökuməti uzun illərdir, xüsusilə son dövrdə dəfələrlə sülh əlini uzadıb. Problemin danışıqlar və siyasi yollarla həll olunmasını təklif edib. Lakin husilər müxtəlif bəhanələrlə bundan yayınıblar.

Onların məşhur bir şüarı var: "Amerikaya ölüm, İsrailə ölüm..." Lakin nəticədə husilər bu siyasətləri ilə Yəmən xalqına böyük fəlakətlər və ölüm gətirirlər. Hazırda ölkəmizdə çox böyük humanitar faciələr yaşanır. 10-15 il ərzində Yəməndən böyük miqyasda köç baş verib. Son bir neçə ildə isə həm ölkə daxilində, həm ölkə xaricinə miqrasiya daha da artıb. İnsanlar Yəmənin müxtəlif şəhərlərinə köçmək, yaxud qonşu ölkələrə sığınmaq məcburiyyətində qalıblar.

- Yaxın gələcək üçün Yəmənin perspektivini necə görürsünüz?

- Əgər beynəlxalq region ölkələri Yəmənə lazımi dəstəyi verməsə, bu məsələdə birlik nümayiş etdirməsə, beynəlxalq ictimaiyyət fəal mövqe tutmasa, çox ciddi problemlər yarana bilər. Yəmənin qanuni hökumətinə dəstək verilməlidir. Bu silahlı qruplara qarşı qəti mövqe nümayiş etdirilməsə, qanuni hökumətlə əməkdaşlıq edərək onların fəaliyyətinin qarşısı alınmasa, bunun nəticələri həm Yəmən, həm də bütün region üçün çox ağır ola bilər.

Bu məsələdə dost ölkələrin də dəstəyi əhəmiyyətlidir. Ümid edirik ki, dünya Yəmən xalqının yaşadığı bu ağır fəlakətlərə biganə qalmayacaq. Qardaşlarımız Azərbaycan və Türkiyə ölkəmiz üçün mühüm və etibarlı tərəfdaş olduğu üçün, Yəmənin yaxın gələcəkdə yenidən qurulması prosesində bizimlə əməkdaşlıq etmələrindən böyük şərəf duyarıq.