Bosniyalı nazir: İtkin düşmüş şəxslər məsələsi siyasi maraqlardan üstün tutulmalıdır

Bu gün biz yalnız itkin düşmüş şəxslərdən danışmırıq. Biz adları yoxa çıxmayan insanlardan, gözləməkdən əl çəkməyən ailələrdən və hər bir insanın öz atasının, anasının, övladının və ya bacısının harada olduğunu bilmək hüququndan danışırıq.

"Report" xəbər verir ki, bunu Bosniya və Herseqovinanın İnsan Hüquqları və Qaçqınlar naziri Sevlid Hurtik "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da deyib.

O bildirib ki, Bosniya və Herseqovina bu məsələni yalnız statistika, hesabatlar və beynəlxalq sənədlər vasitəsilə tanımır: "Biz bunu ailə süfrələrindəki boş stullardan, ailələrin bu gün də qoruyub saxladıqları fotoşəkillərdən, cavab gözləyərək qocalan analardan və valideynlərini tanımaq və ya onlarla son dəfə vidalaşmaq imkanı olmayan uşaqlardan tanıyırıq".

Nazir qeyd edib ki, Bosniya və Herseqovinadakı müharibə zamanı on minlərlə insan itkin düşüb və onların hər birinin bir adı, ailəsi, həyat hekayəsi və cavab gözləyən bir yaxını var:

"Hələ də tapılmayan bir ailə üzvü üçün itkin insan rəqəm deyil. Oğlunu gözləyən ana üçün bu, statistika deyil. Valideynini heç vaxt tanımamış uşaq üçün bu, sadəcə həll olunmamış bir iş deyil. Bu, onilliklər boyu davam edən bir yaradır.

Buna görə də itkin düşmüş şəxslər məsələsi keçmişlə bağlı məsələ deyil. Bu, insan hüquqları, ləyaqət və gələcək qarşısında məsuliyyət məsələsidir.

Ailənin itkin düşmüş üzvünün taleyini öyrənmək hüququ fundamental humanitar prinsiplərdən biri və fəaliyyətimizin əsas istiqamətlərindən biri olmalıdır. Bu hüquq siyasi şəraitdən, zamanın keçməsindən, dövlətlər arasındakı sərhədlərdən və ya ayrı-ayrı şəxslərin maraqlarından asılı olmamalıdı".

Bosniyalı nazir qeyd edib ki, itkin düşmüş şəxslər məsələsi siyasətdən, parçalanmalardan və hər hansı siyasi maraqdan üstün tutulmalıdır: "Çünki biz itkin düşmüş bir insanı axtararkən bizim və ya onların insanını axtarmırıq. Biz insanı axtarırıq. Bosniya və Herseqovina müharibənin yaratdığı böyük nəticələrə baxmayaraq, itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası prosesində mühüm addımlar atıb. Təcrübəmiz göstərir ki, institusional əməkdaşlıq, beynəlxalq dəstək, məhkəmə-tibbi üsullar, DNT analizi, məlumat mübadiləsi və hər şeydən əvvəl artıq heç bir iz qalmadığı düşünüldüyü zaman belə araşdırmaları davam etdirmək iradəsi nə qədər vacibdir

Lakin texnologiyanın özü kifayət deyil. DNT şəxsiyyəti təsdiqləyə bilər, amma ailəyə ləyaqətini yalnız insan qaytara bilər.

Buna görə də məhkəmə-tibbi imkanlara, müasir texnologiyalara, məlumat bazalarına, mütəxəssislərə və itkin düşmüş şəxslərlə məşğul olan qurumlara investisiya qoymağa davam etməliyik".

Xəbər yenilənir