Kristian Riviye: Münaqişələrdə itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi asan proses deyil

Münaqişələrdə itkin düşənlərin taleyinin müəyyənləşdirilməsi asan proses deyil.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Mərkəzi İzləmə Agentliyinin rəhbəri Kristian Riviye "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın panel sessiyası zamanı səsləndirib.

Onun sözlərinə görə, dövlətlərin üzərinə götürdükləri öhdəlikləri icra etməməsinin nəticələrinə görə cavabdehlik əksər hallarda humanitar sahənin üzərinə yönləndirilir:

"Hazırda dünya miqyasında müşahidə olunan meyillər ciddi təşviş yaradır. Münaqişələr davam edir, qütbləşmə güclənir, insanlıqdan uzaqlaşdıran ritorika geniş şəkildə yayılır. Beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində dövlətlərin öhdəsinə düşən vəzifələri yerinə yetirməmələrinə görə cavabdehlik çox vaxt humanitar sahəyə ötürülür. Münaqişələr nəticəsində itkin düşmüş şəxslərin aqibətinin və yerinin müəyyən edilməsi, həmçinin ailələrin tələbatlarının ödənilməsi nə asan, nə də sadə bir prosesdir".

Kristian Riviye eyni zamanda bildirib ki, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı işlərə hərbi əməliyyatlar dövründə və sonrakı mərhələlərdə ailələr də cəlb olunmalıdır:

"İtkin düşmüş şəxslərin ailələri sülhün elçisi qismində fəaliyyət göstərə bilər. Onlar etimadın formalaşmasına töhfə verə bilərlər. Onlar müvafiq tibbi işlərə, axtarış prosesinə qatılmalıdırlar".

Komitə rəsmisi sonda Azərbaycana tədbirə ev sahibliyi etdiyinə görə minnətdarlığını ifadə edib.