Ukraynada 110 mindən çox insan itkin düşmüş hesab olunur

Ukraynada 110 mindən çox insan xüsusi şəraitdə itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bunu Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi şəraitdə itkin düşən şəxslər üzrə müvəkkili Artur Dobroserdov Bakıda itkin düşmüş şəxslərə həsr olunmuş beynəlxalq konfransda deyib.

"Reyestr məlumatlarına görə, bu gün 110 mindən çox insan xüsusi şəraitdə itkin düşüb. Bu rəqəmə həm Ukrayna vətəndaşları, həm də qanuni əsaslarla ölkə ərazisində olan əcnəbilər daxildir", - o deyib.

Dobroserdov bildirib ki, xüsusi şəraitdə itkin düşmüş şəxslərin Vahid Reyestri 2023-cü ilin may ayından fəaliyyət göstərir. Orada itkin düşənlərin axtarışı və taleyinin müəyyənləşdirilməsində istifadə oluna biləcək məlumatlar toplanır.

Onun sözlərinə görə, reyestrdə həmçinin 15 mindən çox şəxsiyyəti müəyyən edilməmiş meyit və qalıq barədə məlumat yer alır. Bu məlumatlar daim, o cümlədən cəbhə xəttindən meyitlər daxil olduqca və repatriasiyası aparıldıqca yenilənir.

O qeyd edib ki, itkin düşənlərin axtarışı və identifikasiyasında Ukraynanın müxtəlif dövlət qurumları iştirak edir, müvəkkil institutu isə onların qarşılıqlı fəaliyyətini, məlumat mübadiləsini və itkin düşənlərin qohumları ilə kommunikasiyasını əlaqələndirir.

Dobroserdov əlavə edib ki, çətinliklərdən biri Ukrayna hakimiyyətinin nəzarət etmədiyi ərazilərdəki mülki əhalinin taleyi haqqında məlumatın əldə edilməsidir.