Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair 8 oktyabr tarixli qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirərək sənəddə yer alan ittihamları rədd edib.
Bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinin qətnaməsinə münasibətində bildirilib.
Milli Məclis qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana qarşı məqsədyönlü siyasi xətti İkinci Qarabağ müharibəsindən sonra daha böyük qarşıdurma xarakteri alıb. Bildirilib ki, son illərdə qəbul edilmiş qətnamələr, Azərbaycana siyasi təzyiq göstərilməsi və sanksiyalar tətbiq olunmasına dair çağırışlar təşkilatın Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiyini göstərir.
Münasibətdə Avropa Parlamentinin Azərbaycanın dövlət orqanlarının səlahiyyət dairəsini müəyyənləşdirməyə, hüquq-mühafizə və məhkəmə qurumlarına göstəriş verməyə və ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyən etməyə çalışması da tənqid olunub. Milli Məclis bunun Azərbaycanla münasibətlərin hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurulmasına dair suallar yaratdığını bildirib.
Milli Məclis, həmçinin Avropa Parlamentində korrupsiya və qeyri-qanuni lobbi təsiri ilə bağlı məsələlərin olduğunu qeyd edərək, təşkilatın əvvəlcə öz standartlarının tətbiqində ardıcıl olmasının vacibliyini vurğulayıb.
Münasibətdə Avropa Parlamentinin insan hüquqları məsələlərinə yanaşmasında ikili standartların olduğu da bildirilib. Qeyd olunub ki, Azərbaycanla bağlı qətnamələr qəbul edildiyi halda, Avropa ölkələrinin özündə polis zorakılığı, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması və hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı problemlər qalmaqdadır.
Milli Məclis hesab edir ki, qətnamənin Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı bir dövrdə qəbul edilməsi də narahatlıq doğurur. Bildirilib ki, birtərəfli təşəbbüslər və yanlış rəylər qarşılıqlı etimad mühitinin qurulmasını çətinləşdirir və münasibətlərin normallaşdırılmasına əlavə maneələr yaradır.
Münasibətdə Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığın bərpasına dair çağırışı ilə parlamentlərarası ixtilaf yaradan sənədlərin qəbulu arasında ziddiyyət olduğu da vurğulanıb. Milli Məclis bildirib ki, etimadın bərpası üçün qarşıdurma ritorikasından imtina edilməli və parlamentlərarası əlaqələrin bərabərhüquqlu xarakteri qəbul olunmalıdır.
Azərbaycan Milli Məclisi ölkənin insan hüquqlarının və əsas azadlıqların qorunmasına, qanunun aliliyinin təmin edilməsinə və hüquqi dövlət prinsiplərinin həyata keçirilməsinə sadiq olduğunu bildirib.
Münasibətdə Avropa Parlamentinin Azərbaycana qarşı ittihamlar irəli sürərkən Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə etnik təmizləmə və digər ağır hüquq pozuntularına məruz qalan azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları barədə susduğu da qeyd olunub.
Sonda Azərbaycan Milli Məclisi Avropa Parlamentini Azərbaycanla qarşıdurma ritorikasından əl çəkməyə və Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb. Parlament bəyan edib ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.