Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

TRIPP layihəsinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz multimodal bağlantını təmin edəcəyi, Zəngəzur dəhlizinin tərkib hissəsi kimi regional ticarət, iqtisadi inteqrasiya və rifah üçün yeni imkanlar açacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə BMT Baş Assambleyasında makroiqtisadi siyasət və inkişafın maliyyələşdirilməsi məsələlərinə dair birgə müzakirələrdə çıxışı zamanı bildirib.

O, Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini, müasir multimodal nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırdığını və regional tərəfdaşlarla əməkdaşlığı gücləndirdiyini qeyd edib.

Onun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz bu səylərin mühüm hissəsidir və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu Asiya ilə Avropa arasındakı ticarət əlaqələrini gücləndirir, daha dayanıqlı və şaxələndirilmiş təchizat zəncirlərinin formalaşmasına töhfə verir.

“2022-ci ildən etibarən Orta Dəhliz üzrə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Bu artım dəhlizin ticarəti asanlaşdırmaq, tranzit xərclərini azaltmaq və davamlı iqtisadi inkişafı dəstəkləmək üçün böyük potensiala malik olduğunu göstərir”, – deyə diplomat bildirib.

O deyib ki, Azərbaycan beynəlxalq tərəfdaşlarla birlikdə Xəzər dənizinin dibi ilə keçəcək qabaqcıl fiber-optik kabel şəbəkəsini nəzərdə tutan iddialı “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsinə rəhbərlik edir. Qeyd olunub ki, bu layihə Asiya ilə Avropanı təhlükəsiz və dayanıqlı rəqəmsal şəbəkə vasitəsilə birləşdirəcək.