Prezident İlham Əliyev: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Humanitar əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçının Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, eyni zamanda, aparılan bərpa işlərinin miqyasının şahidi ola bildilər”.

Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.

Sammit iştirakçıları siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı müzakirə edir, Birliyin cari ildəki fəaliyyətinin yekunlarını vurur və gələcək üçün prioritet vəzifələri müəyyənləşdirirlər. Gündəliyə, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi, hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, eləcə də MDB ölkələrinin xarici siyasət koordinasiyasının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin baxılması daxildir.