İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Xocalıya səfər ediblər

"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Xocalı şəhərində olublar.

"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq Xocalı Soyqırımı Memorialını ziyarət ediblər.

Qeyd edək ki, səfərdə müxtəlif ölkələrin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edirlər.

Qonaqlara Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Memorial Kompleksi faciə qurbanlarının xatirəsinin yaşadılması və milli yaddaşın qorunması məqsədilə inşa olunub.

Konfrans iştirakçılarının daha sonra Şuşa şəhərinə səfərləri nəzərdə tutulub.