Qarabağı yenidən qurmaq üçün göstərilən səylər məni çox heyran etdi.
Bu barədə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə səfəri çərçivəsində cümə günü Trend-in Qarabağ bürosuna açıqlamasında Böyük Britaniya Lordlar Palatasının üzvü Qrem Stüart Bredi deyib.
O qeyd edib ki, insanların öz torpaqlarına, evlərinə qayıtması üçün yaradılan şərait təsiredicidir.
İtkin düşmüş insanların, öz doğmalarının taleyindən xəbərsiz olan, bu ağrını içində daşıyan ailələrin və icmaların yaşadıqlarını eşitmək çox ağır idi. Biz Xocalı Soyqırımı Memorialını ziyarət etdik. Oradakı faciəvi itkilərin hekayələrini öyrənmək də çox ağır idi - deyə o əlavə edib.
Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçıları bu gün Şuşa şəhərinə və Xocalıya səfər ediblər.
Səfər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən, “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusuna həsr olunan beynəlxalq konfrans çərçivəsində baş tutub.