İran Rusiya və başqa dost ölkələrin ABŞ və İran arasında gərginliyin azaldılması ilə əlaqədar xoşməramlı addımlarını müsbət qarşılayır.
İranın Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu nazirliyin mətbuat katibi İsmayıl Bəqai bu gün (12 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
“Lakin məlum olduğu kimi, texniki baxımdan və dəqiq desək, İran və ABŞ arasında vasitəçi rolu hələ də Pakistan və Qətərdir”, -deyə o qeyd edib.
Bəqai bildirib ki, İran və Rusiya arasında müxtəlif məsələlərdə, o cümlədən nüvə məsələsində məsləhətləşmə yeni məsələ deyil. Rusiya 2015-ci ildə imzalanan nüvə sazişi zamanı çox müsbət və effektiv addım atıb və hələ də bu məsələnin həll edilməsinə maraqlı olduğunu qoruyub.
Bəqai deyib ki, İran və Rusiya prezidentlərinin Türkmənistanda baş tutan görüşündə İran prezidenti bir daha İranın mövqeyi və İranın 7 günlük planını açıqlayıb və məsələ haqda əlavə məlumat verib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.