Bu gün Avrasiyanın orta dəhlizi yeni inkişaf mərhələsini yaşayır. Ümumiyyətlə, dünya ölkələrinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Bu proses özünü, təbii ki, bir sıra geosiyasi dəyişikliklərdə, beynəlxalq münasibətlər sistemində yeni yanaşmaların formalaşmasında və regional güc balansının dəyişməsində göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.
O bildirib ki, Azərbaycan indiyədək bir sıra beynəlxalq təşkilatlarda sədrlik və həmsədrlik fəaliyyəti ilə seçilib. Ölkəmiz bu təşkilatlarda hər zaman canlanma yaratmağa, yeniliklərə imza atmağa, onların fəaliyyətinin daha səmərəli və konkret nəticələrə yönəlmiş şəkildə təşkilinə töhfə verməyə çalışıb.
2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik missiyasının Azərbaycana keçməsi həm üzv dövlətlər, həm də təşkilatın özü üçün mühüm fürsət olacaq. Bu, MDB-yə fəaliyyətini yeni istiqamətlərdə genişləndirmək, daha ciddi addımlar atmaq və bəlkə də tarixində ilk dəfə olaraq daha fəal mövqe nümayiş etdirmək imkanı verə bilər.
“Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində, “Mərkəzi Asiya + Azərbaycan” formatında və Türk Dövlətləri Təşkilatının fəaliyyətində iştirak edir. MDB üzvlərinin yarıdan çoxu Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərini müxtəlif platformalarda inkişaf etdirir. Digər ölkələrlə də Azərbaycan ənənəvi dostluq və mehriban qonşuluq siyasətini davam etdirir. 2027-ci ildə MDB-yə sədrlik Özbəkistana, 2028-ci ildə isə Azərbaycana keçəcək. Ümumilikdə isə türk dövlətləri, Mərkəzi Asiya və Qafqaz arasında əlaqələrin genişləndiyini, türk dövlətlərinin öz milli maraqlarını daha müstəqil şəkildə həyata keçirmək istiqamətində addımlar atdığını müşahidə edirik.
Şübhəsiz ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də bu proseslərə öz töhfəsini verib. Nəticədə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın və regional əlaqələrin güclənməsi, təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın vacibliyinin daha dərindən dərk edilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Bu kontekstdə Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələri liderlərinin görüşlərinə, demək olar ki, müntəzəm olaraq dəvət alır və həmin tədbirlərdə iştirak edir”, - deyə Z.Məmmədov əlavə edib.