Rusiya xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
TASS-ın məlumatına görə, Rusiya diplomatiyasının rəhbərinin təyyarəsi Bakı hava limanına enib.
Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, tədbirdə AQEM-in gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, görüş iştirakçıları aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) VII sammiti keçiriləcək.Sammit Azərbaycan Respublikasının AQEM-də (CICA) sədrliyi və AQEM Katibliyinin dəstəyi ilə təşkil edilir.
Tədbirdə dövlət və hökumət başçıları, AQEM-ə üzv dövlətlərin, müşahidəçi dövlətlərin, müşahidəçi təşkilatların və tərəfdaş qurumların nümayəndə heyətləri iştirak edəcəklər. Sammit dialoqa, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və konstruktiv əməkdaşlığa ümumi sadiqliyi təsdiqləmək üçün regional liderləri bir araya gətirəcək. Tədbir etimad tədbirlərinin möhkəmləndirilməsi, sülhün, təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təşviqi, eləcə də ümumi maraq kəsb edən məsələlərin həllinə çoxşaxəli yanaşmaların irəlilədilməsi üçün mühüm platforma olacaq.