Fransada iğtişaşlar - sosioloji sorğular da səbəb olaraq E.Makrona işarə edir – ŞƏRH

Bu gün Avropada ciddi qütbləşmə prosesi gedir və bunun bir sıra səbəbləri var. İlk növbədə, miqrant axını, yerli sakinlərlə miqrantlar arasında dəyərlərlə bağlı fikir ayrılıqları, eləcə də sosial-iqtisadi narazılıqlar, qiymət artımı və digər problemlər bu prosesə təsir göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov söyləyib.

O bildirib ki, bir sıra Avropa ölkələrində əhalinin fəallaşmasının, insanların küçələrə çıxaraq etirazlarını ifadə etməsinin şahidi oluruq. Bunun ən bariz nümunələrindən biri Fransadır. Bununla belə, etirazların ayrı-ayrı ölkələrdə müxtəlif dövrlərdə başladığını nəzərə almaq lazımdır. İtaliyada bu prosesin daha yeni mərhələyə qədəm qoyduğu halda, bəzi digər Avropa ölkələrində narazılıqlar artıq uzun müddətdir davam edir. Fransada isə bu prosesin kökləri Emmanuel Makronun hakimiyyətə gəldiyi vaxta, təxminən on il əvvələ gedib çıxır.

"Sosioloji sorğular da E.Makronun ictimai dəstəyinin uzun müddətdir aşağı səviyyədə olduğunu göstərir. Onun legitimliyinin cəmi 16 faiz ətrafında olması ilə bağlı iddialar Fransa siyasi sistemi üçün ciddi siqnal hesab oluna bilər. Bu vəziyyətin bir sıra səbəbləri var. Onların arasında prezidentin daxili siyasətdə yol verdiyi səhvlər, ölkənin sosial problemlərinə kifayət qədər diqqət yetirməməsi, eləcə də onun komandasının fəaliyyətindəki çatışmazlıqlar xüsusi yer tutur.

Etirazların dinamikasına nəzər salsaq, görərik ki, əvvəlcə "sarı jiletlilər" hərəkatı geniş vüsət aldı, daha sonra pensiya islahatlarına qarşı etirazlar gücləndi. Sonrakı mərhələlərdə isə tələbələrin, gənclərin və müxtəlif sosial qrupların narazılıqları ön plana çıxdı. Bütün bunlar Fransa cəmiyyətindəki sosial və siyasi ziddiyyətlərin nə qədər dərin olduğunu göstərir.

Fransa cəmiyyəti hazırda sağçılar, solçular və mərkəzçilər arasında ciddi fikir ayrılıqları ilə xarakterizə olunur. Son seçkilərin nəticələri də bu siyasi parçalanmanı bir daha nümayiş etdirir. E.Makrondan sonrakı dövrdə prezident seçkilərinin kifayət qədər mürəkkəb keçəcəyi gözlənilir. Hətta siyasi qüvvələr arasındakı mövcud balans nəzərə alınarsa, ikinci turla bağlı ssenarilərin də ciddi müzakirə mövzusuna çevrilməsi mümkündür",- deyə Z.Məmmədov vurğulayıb.

Politoloqun sözlərinə görə, etirazçılara qarşı sərt xəbərdarlıqlar və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi isə vəziyyətin hakimiyyət üçün nə dərəcədə çətinləşdiyini göstərir.

Bütün bunlar bir daha sübut edir ki, Fransa və ümumilikdə Avropa bu gün ciddi çağırışlarla üz-üzədir. Bu çağırışlar yalnız sosial, iqtisadi və siyasi problemlərlə məhdudlaşmır. Eyni zamanda, “qoca qitə”də dəyərlər sistemi, milli kimlik, cəmiyyətlərin mental xüsusiyyətləri və ideoloji baxışlar ətrafında da ciddi qarşıdurmalar mövcuddur.