Orta Dəhlizin strateji əhəmiyyətini daha dərindən anlamağı, həmçinin Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını araşdırmağı hədəfləyirik. Dəfələrlə vurğuladığım kimi, Cənubi Qafqazda baş verən prosesləri xüsusi maraqla izləyirik. Bunun səbəblərindən biri Koreya ilə Azərbaycanın geosiyasi şəraitində müəyyən oxşarlıqların mövcud olmasıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Koreya Respublikasının ölkəmizdəki səfiri Kımqu Kanq “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzulu tədbirdə deyib.
O qeyd edib ki, hər iki ölkə mürəkkəb regional münasibətlər sistemində fəaliyyət göstərməyin çətinlikləri ilə üzləşib. Bu baxımdan, regionun geosiyasi mənzərəsində baş verən son dəyişikliklər xüsusi diqqətəlayiqdir. Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin paraflanması regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addım olub. Həmin vaxtdan etibarən müsbət irəliləyişlər qeydə alınıb, sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın təşviqi istiqamətində səylər davam etdirilir. Həmçinin bu proseslər regional bağlantılar üçün yeni imkanlar yaradıb və Orta Dəhlizə diqqəti daha da artırıb.
“Orta Dəhliz təkcə ticarət və logistika sahələrini deyil, həm də enerji və rəqəmsal infrastrukturu əhatə edən daha geniş bağlantı şəbəkəsinə çevrilir. Bu kontekstdə Azərbaycanın bərpaolunan enerji mənbələrinə artan diqqəti xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi enerji diplomatiyası sahəsində qazandığı təcrübəyə əsaslanan Azərbaycan bərpaolunan enerji ehtiyatlarının inkişafı, eləcə də Mərkəzi Asiya və Avropa ilə enerji bağlantılarının gücləndirilməsi istiqamətində yeni təşəbbüslər həyata keçirir. Bu səylər regional əməkdaşlıq və dayanıqlı inkişaf üçün də yeni imkanlar yaradır”, - deyə səfir bildirib.