Orta Dəhliz mövzusu Asiya ilə Avropa arasında sabit və təhlükəsiz bağlantılara artan tələbat fonunda xüsusi aktuallıq kəsb edir. Dünyada geosiyasi gərginliklərin baş verdiyi, bu böhranların isə hələ də həllini tapmadığı bir şəraitdə Orta Dəhliz marşrutu üzərində yerləşən ölkələr sabit və etibarlı əlaqələr axtarırlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya bağlantılarının gələcəyi” mövzulu tədbirdə deyib.
O qeyd edib ki, beynəlxalq platformalar və təşkilatlar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Məhz ötən həftə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə ev sahibliyi edib. Bundan əvvəl Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq platformalarla da fəal əlaqələri mövcuddur. “Eyni zamanda, ölkəmiz Türk Dövlətləri Təşkilatının əsas hərəkətverici qüvvələrindən biridir. Düşünürəm ki, bu gün müzakirə olunacaq məsələlər, xüsusilə Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması və ticarət əlaqələrinin genişlənməsi bu istiqamətdə atılan addımların əhəmiyyətini nümayiş etdirir”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
O bildirib ki, Azərbaycanın və Koreyanın ikitərəfli münasibətləri çərçivəsində ticarət və investisiya sahələrində də geniş perspektivlər mövcuddur. Azərbaycanın Koreya vətəndaşları üçün vizasız rejim tətbiq etməsi turizm əlaqələrinin genişlənməsinə, biznes imkanlarının artmasına və xalqlarımız arasında təmasların intensivləşməsinə töhfə verəcək. “Ümid edirik ki, turizm və biznes sahələrində əməkdaşlığın inkişafı ikitərəfli münasibətlərimizin əsas istiqamətlərindən birinə çevriləcək. Həmçinin bizim müntəzəm təmaslara və müzakirələrə ehtiyacımız var. Bu dialoqu təxirə salmamalı, əməkdaşlığın genişləndirilməsi və mövcud imkanların reallaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərməliyik”, - deyə F.Şəfiyev vurğulayıb.