Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-in 48 üzv dövləti təmsil olunacaq - Heydər Məmmədov

Oktyabrın 27–28-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşü keçiriləcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, Baş prokurorun müavini Heydər Məmmədov tədbirə hazırlıqla bağlı mətbuata açıqlamasında görüşdə İƏT-in 57 üzv dövlətindən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakının gözlənildiyini bildirib.

Onun sözlərinə görə, iştirakçılar arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, həmçinin üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.

 

Heydər Məmmədov qeyd edib ki, görüşə hazırlıq çərçivəsində Baş Prokurorluğun müvafiq əmri ilə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdir.

Baş prokurorun müavini tədbirin həm təşkilati, həm də məzmun baxımından səmərəli keçirilməsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb.

O, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransının, COP29 çərçivəsində yüksək səviyyəli sessiyanın, GlobE Şəbəkəsinin Altıncı Plenar İclasının və digər beynəlxalq tədbirlərin keçirildiyini xatırladıb. Heydər Məmmədov bu tədbirlərin Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin göstəricisi olduğunu bildirib.