Kubanıçbek Ömüralıyev: Biz birlikdə daha güclüyük

Şərqlə Qərbi birləşdirən geniş coğrafiyada yerləşən Türk dünyası dərin tarixi və mədəni bağlarla bir-birinə bağlı olan, ticarət, nəqliyyat, investisiya, təhsil, texnologiya və xalqlararası əməkdaşlıq vasitəsilə əlaqələri getdikcə güclənən təxminən 180 milyon insanı əhatə edir. Əsrlər boyu ortaq dil, mədəniyyət, ənənələr və kollektiv yaddaş sayəsində qorunub saxlanılan bu birlik bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində getdikcə daha çox institusional və praktiki məzmun qazanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin məqaləsində öz əksini tapıb.

Məqalədə qeyd olunub ki, TDT 2009-cu ildə yarandığı vaxtdan etibarən əsasən siyasi dialoqa və mədəni yaxınlığa yönələn platformadan hərtərəfli və konkret nəticələrə hesablanan əməkdaşlıq mexanizminə çevrilib.

“Bizim nəslimizin məsuliyyəti tarixi yaxınlığımızı və mənəvi bağlılığımızı XXI əsrin reallıqlarına və çağırışlarına cavab verən imkanlara, bağlantılara və əməkdaşlığa çevirməkdir. Bu düşüncəni xüsusilə yaxşı ifadə edən sadə bir deyimimiz var: “Biz birlikdə daha güclüyük”. Maraqlıdır ki, bu sözlər Türk dünyasının hər yerində anlaşılır və demək olar ki, tərcüməyə ehtiyac duymur. Bu, xalqlarımız arasındakı dərin dil və mədəniyyət bağlarını əks etdirir. Bu gün “Biz birlikdə daha güclüyük” yalnız həmrəyliyimizi ifadə edən şüar deyil, həm də praktiki əməkdaşlığımıza istiqamət verən əsas prinsipdir”, - deyə Kubanıçbek Ömüralıyev məqaləsində vurğulayıb.