Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 35-ci ildönümü və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sofiya şəhərində yerləşən Bakı küçəsində ölkəmiz ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın memarlıq, şəhərsalma, mədəni irs və turizm vasitəsilə daha da möhkəmləndirilməsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir, eyni zamanda, XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunub. Onun zəngin memarlıq irsinə dair iştirakçılara ətraflı məlumat verilərək bu irsin bu gün də yeni nəsilləri ilhamlandırdığı vurğulanıb.
Bolqarıstanın Turizm Nazirliyi, “Bolqarıstanın möcüzələri” təşəbbüsü və Sofiya Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iki ölkə arasında mədəni dialoqun, dayanıqlı şəhər inkişafının və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş ortaq səylərin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Müzakirələr zamanı birgə mədəni və memarlıq turizmi marşrutlarının yaradılması, Azərbaycanın tarixi şəhərlərinin Bolqarıstanda tanıdılması, eləcə də hər iki ölkənin şəhərləri, universitetləri, memarları, turizm şirkətləri və müvafiq təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi imkanları diqqətə çatdırılıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Bolqarıstanın turizm operatorlarını Azərbaycanın zəngin memarlıq və mədəni irsi ilə yaxından tanış olmağa dəvət edib. Bu kontekstdə Gəncə, Naxçıvan, Şuşa, Şəki, Qəbələ və Şamaxı kimi tarixi şəhərlərin, Bakının İçərişəhər ərazisinin, Xəzər dənizinin sahil zolağının, “Sea Breeze” istirahət kompleksinin, eləcə də Qəbələdəki “Tufandağ” və Qusardakı “Şahdağ” dağ-xizək komplekslərinin turizm potensialı vurğulanıb.
Eyni zamanda, “Bolqarıstanın möcüzələri” təşəbbüsü bu ölkənin zəngin mədəni və memarlıq irsini, tarixi şəhərlərini, Qara dəniz sahillərini, dağ-xizək və tanınmış balneoloji-mineral su kurortlarını Azərbaycan ictimaiyyətinə təqdim etmək məqsədilə ölkəmizdə tədbirlər təşkil etməyə dəvət olunub.
Azərbaycan ilə Bolqarıstan arasında hava əlaqələrinin gücləndirilməsinin vacibliyi də xüsusi qeyd edilib. Bildirilib ki, aviaşirkətlər və turizm operatorları arasında əməkdaşlığın genişləndirilməsi, cəlbedici turizm paketlərinin hazırlanması və qarşılıqlı turizm təşviqi paytaxtlar və digər şəhərlər arasında dayanıqlı birbaşa hava əlaqələrinin inkişafına əlverişli şərait yarada bilər. Azərbaycanın Mərkəzi Asiyaya, Bolqarıstanın isə Avropaya açılan strateji qapı kimi rolu bu baxımdan xüsusi vurğulanıb.
Tədbir iştirakçıları hər iki ölkənin regional və beynəlxalq nəqliyyat və iqtisadi əlaqəlilikdəki strateji roluna da toxunublar. Vurğulanıb ki, Avropa ilə Asiyanın kəsişməsində, tarixi İpək Yolunun mərkəzində yerləşən Azərbaycan enerji, nəqliyyat və rəqəmsal əlaqəlilik sahələrində həyata keçirdiyi strateji təşəbbüslər, o cümlədən Orta Dəhlizin inkişafı vasitəsilə iqtisadi əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Azərbaycanın həm öz ərazisində, həm də qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində strateji infrastrukturun inkişafına yatırdığı sərmayələrin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, əlaqəlilik yalnız infrastrukturla məhdudlaşmır, həm də xalqları, mədəniyyətləri, ideyaları və iqtisadi imkanları bir-birinə yaxınlaşdırır. Turizmə, akademik mübadilələrə və mədəni əməkdaşlığa investisiyaların artırılması Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığına yeni dinamika qazandıra və hər iki ölkə üçün konkret faydalar yarada bilər.
Həmçinin hər iki ölkənin tələbələri tərəfindən hazırlanmış sərgidə qardaşlaşmış şəhərlərimizin — Gəncə və Varna, Şuşa və Veliko Tırnovo, Naxçıvan və Veliko Tırnovo, Sumqayıt və Burqas, Şəki və Qabrovo şəhərlərinin memarlıq irsi təqdim olunub. Dövlət qurumlarının, turizm sektorunun, universitetlərin, elmi-akademik və mədəni ictimaiyyətin nümayəndələrinin iştirakı tədbirin müzakirə və fikir mübadiləsi platforması kimi əhəmiyyətini artırıb.
Tədbir çərçivəsində qonaqlara Azərbaycan mətbəxinin nümunələri də təqdim olunub. Ənənəvi dolma və şah plov, paxlava və şəkərbura kimi milli şirniyyatlar, eləcə də Azərbaycanın kulinariya ənənələrinin və bolluğun rəmzlərindən biri olan nar qonaqlara ölkəmizin zəngin mədəniyyətini və qastronomik irsini daha yaxından tanımaq imkanı yaradıb.
Tədbirin sonunda memarlıq, şəhərsalma, mədəni irs və turizm sahələrində ortaq səylərin Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq üçün yeni imkanlar açacağına, strateji tərəfdaşlığı möhkəmləndirəcəyinə və iki xalqı daha da yaxınlaşdıracağına əminlik ifadə olunub.
Tədbir Bolqarıstanın aparıcı mediasında geniş işıqlandırılıb.