Dmitro Şlapaçenko: Azərbaycanın COP29 və WUF 13-ə ev sahibliyi qlobal çağırışlara töhfə vermək əzmini göstərir

Azərbaycan çoxtərəfli əməkdaşlığa və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqdir. Onun Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığı, o cümlədən COP29 və WUF 13-ə ev sahibliyi etməsi ümumi qlobal çağırışların həllinə töhfə vermək əzmində olduğunu nümayiş etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Xankəndidə keçirilən “Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək üçün Azərbaycan–BMT tərəfdaşlığı” mövzusunda yüksəksəviyyəli strateji dialoqun açılışında çıxışı zamanı deyib.

“Bir il əvvəl “Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” imzalanıb. Bu gün bizim vəzifəmiz həmin sənədə praktiki dəstək verməkdir.

Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işlərinə qoyduğu əhəmiyyətli sərmayələri və davamlı səylərini dəstəkləyirik. İnfrastrukturun və ictimai xidmətlərin bərpası, iqtisadi imkanların genişləndirilməsi və keçmiş məcburi köçkünlərin qayıdışı mühüm təşəbbüsdür. Bu işin arxasında həyatlarını yenidən quran ailələr və gələcəyə baxan icmalar dayanır. Onların təhlükəsizliyi, ləyaqəti və rifahı əməkdaşlığımızın mərkəzində qalmalıdır”, - deyə Dmitro Şlapaçenko bildirib.