İrəvandakı Göy məscidin tarixi kimliyinin dəyişdirilməsinə yönələn addımlara münasibət bildirilməli, abidənin Azərbaycan irsinə məxsusluğu diqqətə çatdırılmalıdır.
Bunu Trend-ə açıqlamasında Xalq şairi Sabir Rüstəmxanlı Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi və həmin zalda şairin büstünün qoyulması planına münasibət bildirərkən deyib.
O bildirib ki, Göy məscid İrəvan xanlığı dövründə tikilmiş Azərbaycan memarlıq abidəsidir və onun tarixi mənsubiyyətini dəyişdirmək mümkün deyil.
“Bu məscidin tarixi var. Onun nə vaxt, hansı şəraitdə tikildiyi məlumdur. Ermənilər isə bizə məxsus irsi öz adlarına çıxarmağa çalışırlar. Məscidin statusunu dəyişmək cəhdləri də həmin tarixi reallığın unutdurulmasına xidmət edir”, – deyə S.Rüstəmxanlı qeyd edib.
Xalq şairinin fikrincə, məscidin bərpasında iştirak edən İran da bu məsələyə münasibət bildirməlidir. O vurğulayıb ki, abidəyə sahib çıxmaq onun dini təyinatının və tarixi kimliyinin qorunmasına məsuliyyətlə yanaşmağı tələb edir.
“İran bu məscidi özününkü sayırsa, onun qorunmasına da cavabdehlik daşımalıdır. İslam dəyərlərindən danışılırsa, İslam abidəsinin məscid kimi qorunub saxlanılmasına da həssas münasibət göstərilməlidir”, – deyə o əlavə edib.
S.Rüstəmxanlı məsələyə cavab olaraq Bakıdakı erməni kilsəsinin kitabxana ya da mədəniyyət evi kimi fəaliyyət göstərməsini təklif edib.
“Onlar bizim məscidimizə erməni şairinin adını verirlərsə, biz də erməni kilsəsi ilə bağlı eyni addımı atmalıyıq yanaşması yanlışdır. Həmin kilsə də bizim şəhərimizdə yerləşən abidədir. Ondan kitabxana və mədəniyyət məqsədləri üçün istifadə olunması mümkündür. Biz bu məsələdə ad dəyişdirmək yarışına girməməliyik”, – deyə Xalq şairi vurğulayıb.