Vyetnam Azərbaycanda səfirlik açacaq

Azərbaycanda tezliklə Vyetnamın səfirliyi açılacaq.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşündə bildirib.

Prezident İlham Əliyev Vyetnamın bu addımını yüksək qiymətləndirib.

Azərbaycanın Vyetnamda səfirliyinin uzun müddətdir fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, diplomatik nümayəndəliklərin tam fəaliyyəti ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub.

Azərbaycanın Vyetnamdakı səfirliyi 2013-cü ildə fəaliyyətə başlayıb və bu müddətdə Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərdə böyük irəliləyişə nail olunub.

Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq aktiv olaraq genişləndirilir. Həmçinin iki ölkə arasında qurulan parlamentlərarası əlaqələr dinamik şəkildə inkişaf edir. Eyni zamanda hər iki ölkənin nazirlik və digər qurumları arasında birbaşa əlaqələr qurulub.

Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir.

2013-cü ildən hazırkı zamanadək Vyetnam Milli Assambleyasında (Parlament) Vyetnam-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu, Azərbaycan Respublikasının Milli Məclisində isə Azərbaycan-Vyetnam Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu yaradılıb, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası təsis edilib. Həmçinin Hanoy şəhərində Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası və Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.