İran Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasını dəstəkləyir – Bəqai

İran Cənubi Qafqazda kommunikasiya xətlərinin açılmasını və iqtisadi əlaqələrin inkişaf etməsini dəstəkləyir.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai (bazar ertəsi (23 noyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.

“İranın bu məsələ ilə əlaqədar prinsipial mövqeyi dəyişməyib. Bu məsələyə riayət edilməlidir ki, həm region və qonşu ölkələrin mənafeyi təmin olunsun, həm regionda geosiyasi dəyişiklik yaranmasın, həm də üçüncü tərəfə icazə verilməsin ki, regionun təhlükəsizliyinə zərbə vursun və İran və region ölkələri arasında qonşuluq münasibətlərinə xələl gətirsin”, -deyə o bildirib.

 

Bəqai əlavə edib ki, TRIPP layihəsi təkcə İran Xarici İşlər Nazirliyinin məsələsi deyil. İranın bütün hakimiyyətinin məsələsidir. Ölkənin bütün dairələri bu məsələni diqqətlə izləyir və lazım olduğu hər yerdə addım atılacaq.

Nazirlik rəsmisi deyib ki, həm İran, həm də Ermənistan iki ölkə arasında ənənəvi münasibətlərin əhəmiyyətini dərk edir. Həmçinin Ermənistanın müstəqilliyindən bəri iki ölkə arasında münasibətlər günü-gündən inkişaf etdirilib və iki ölkə arasında etimad yaranıb. Təbii ki, iki tərəfdən heç biri bu etimadın regionda sülh və sabitliyə heç bir əhəmiyyət verməyən üçüncü tərəflərin təsiri altına düşməsini istəmir.

Onun sözlərinə görə, İranın sərhədləri yaxınlığında heç bir hərbi və təhlükəsizlik qüvvələrinin iştirakı qəbul edilə bilməz. Erməni tərəfi və Ermənistan İranı lazımi şəkildə arxayın edib. Təbii ki, üçüncü tərəflərə etimad edilmir. Bu baxışla bütün proseslər diqqətli şəkildə izləniləcək və Ermənistanın aidiyyəti qurumları ilə yaxın təmaslar olacaq.