Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, konstruktiv əməkdaşlığın genişlənməsi və iqtisadi-enerji əlaqələrinin inkişafı Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasi analitik, professor, “Vahid Neytral Gürcüstan” partiyasının regional katibi Levan Nikolaşvili deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında uzun müddət davam edən danışıqların mövcud dinamikası və iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri alqışlanmalıdır.
“Söhbət konstruktiv əməkdaşlıqdan, iqtisadi və enerji sahələrində əlaqələrdən gedir. Ermənistanın mövcud reallığı və iki ölkə arasındakı hazırkı vəziyyəti kifayət qədər praqmatik şəkildə dərk etməsi də müsbət məqamdır”, - deyə L.Nikolaşvili qeyd edib.
Ekspert vurğulayıb ki, Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almaması müsbət qiymətləndirilməlidir. O qeyd edib ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında normal, sülhpərvər və tərəfdaşlıq münasibətlərinin qurulmasını daim dəstəkləyir. Bu proses bütövlükdə regionun inkişafına, sabitliyə və davamlı sülhə müsbət təsir göstərə bilər.
Siyasi analitik, həmçinin üç ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu istiqamətdə birgə maraqların artması ölkələrin inkişafına əlavə təkan verəcək və Cənubi Qafqazda regional əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacaq.