Prezident seçkilərindəki ilkin nəticələrə görə İlham Əliyev 92,1 faiz səs toplayıb

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini elan edib.

Trend-in məlumatına görə, ilkin nəticələrə görə İlham Əliyev 92,1 faiz səs qazanıb.

Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.