Səs vermək üçün növbəsini gözləyən insanların üzlərində təbəssüm var idi - Qriqoriy Karasin

Bakı. Trend:

Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası fevralın növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Trend xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qriqoriy Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib. O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.

“İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər və onların üzlərində təbəssüm var idi. Bu da çox vacib məqam idi. Mən yaxşı mənada təəccübləndim ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Seçkilər məhz məsuliyyətli şəkildə və səlahiyyətli çərçivədə təşkil olunmuşdu. Bütün beynəlxalq müşahidəçilərə müşahidə üçün yaxşı şərait yaradılmışdı”, - deyə Q.Karasin deyib.

Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.