Azərbaycan III Antalya Diplomatiya Forumunda yüksək səviyyədə təmsil olundu. Burada Azərbaycanla Türkiyə arasında, eləcə də müxtəlif ölkələrlə yeni əməkdaşlıq layihələri, mövcud münasibətlərin inkişaf etdirilməsi ilə bağlı çox sayda fikir mübadilələri aparıldı. Forum yalnız diplomatiyanı deyil, bir çox sahələrlə yanaşı, enerji məsələlərini də əhatə etdi. Rusiya-Ukrayna qarşıdurmasının davam etdiyi bir dövrdə Azərbaycan ilə Türkiyənin Avropanın enerji təhlükəsizliyi baxımından nə qədər mühüm ölkələr olduğuna vurğu edildi. Forumda bununla bağlı fikir mübadilələri də aparıldı.
Bunu AZƏRTAC-a müsahibəsində Türkiyənin müdafiə siyasəti üzrə mütəxəssisi, professor Mesut Hakkı Caşın söyləyib.
Antalya Diplomatiya Forumunda müxtəlif ölkələrdən çox sayda dövlət və hökumət nümayəndəsinin iştirak etdiyini bildirən professor deyib: “Fikrimcə, tədbirin əsas istiqamətlərindən biri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, qarşılıqlı qazanc prinsipini təbliğ etmək idi. Bu, bir növ Türkiyənin Foruma vurduğu möhür oldu. Forumda, eyni zamanda, dünyada baş verən müxtəlif münaqişələr də müzakirə olundu, problemlərdən çıxış yolları axtarıldı. Tədbirin əsas məqamlarından biri o oldu ki, gənc nəslin dünyanın, diplomatiyanın gələcəyinə baxışları barədə fikirlərini ifadə etməsinə imkan yaradıldı. Forumu digər bu kimi tədbirlərdən fərqləndirən əsas məqam isə burada dünyanın müxtəlif ölkələrində baş verən qarşıdurmalardan diplomatiya vasitəsilə çıxış yollarının araşdırılması oldu. Bütün bunları nəzərə aldıqda tədbirin çox faydalı və məhsuldar keçdiyini düşünürəm”.