Avropanın nüfuzlu nəşri olan “Europorter” Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolu ilə bağlı məqalə dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə mövcud geosiyasi qeyri-sabitlik fonunda Avropanın alternativ enerji mənbələri axtararkən, Xəzər dənizinin sahilində etibarlı və iddialı ölkə olan Azərbaycana diqqətini artırdığını bildirib.
Məqalədə odlar diyarı, qədim adət-ənənələri və geniş perspektivləri olan Azərbaycanın təkcə bənzərsiz təbiəti və zəngin mədəniyyəti ilə deyil, həm də müxtəlif təbii sərvətlərin, o cümlədən təbii qazın böyük ehtiyatlarına malik olduğu vurğulanıb. Qeyd edilir ki, hər keçən gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu getdikcə böyüyür. Xəzər dənizinin neft və qaz ehtiyatları uzun müddətdir ki, qlobal liderlərin diqqətini cəlb edir.
Məqalədə regionun enerji geosiyasətində mühüm mərhələ olan, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi”nə diqqət çəkilib. Bildirilib ki, Azərbaycanın ozamankı prezidenti Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə imzalanmış bu müqavilə siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm sazişlərdən biridir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nə 8 ölkədən - Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı və Yaponiyadan 13 iri beynəlxalq neft şirkəti cəlb edilib.
“Bu illər ərzində Azərbaycan özünü etibarlı və vicdanlı tərəfdaş kimi sübut edib, Avropanı təkcə neftlə deyil, həm də qazla təmin edib. Xəzərin mavi yanacağı bir sıra Avropa ölkələri üçün sabitliyin açarına çevrilib. Regionun artan tələbatına cavab olaraq, tərəflər 2027-ci ilə qədər Avropaya qaz tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər. Müvafiq memorandum 2022-ci ilin yayında Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen tərəfindən imzalanıb”, - deyə məqalə müəllifi qeyd edib.