Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Slovakiya Baş nazirinin Azərbaycana səfəri, imzalanan sənədlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrdə yeni səhifə açır. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Rəsmi Bakı ilə Bratislava arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan deputat bildirib ki, iki ölkənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlməsi münasibətlərin yeni mərhələyə keçdiyini deməyə imkan verir. Qlobal təhlükələr fonunda hərbi sahədə əməkdaşlıq hər iki ölkənin təhlükəsizliyi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Enerji sahəsində əməkdaşlığın da Avropa İttifaqının üzvü olan Slovakiya üçün əsas prioritetlərdən biri olduğunu diqqətə çatdıran deputat deyib: “Azərbaycan hazırda 8 ölkəyə təbii qaz ixrac edir. Ötən ilin aprelində imzalanan “Həmrəylik Halqası” Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıb. Yəni, Azərbaycan qazı Avropa məkanına etibarlı yollarla nəql olunmaqda davam edəcək”.

K.Nurullayevanın sözlərinə görə, eyni zamanda, “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş isə Azərbaycanın yaxın gələcəkdə Avropaya yaşıl enerji ixracını təmin edəcək.

“İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri də azad edilmiş ərazilərin bərpasına verilən dəstəkdir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Ümumiyyətlə, Azərbaycanda Slovakiya şirkətləri yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Keçirilmiş Slovakiya-Azərbaycan biznes forumu, iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün yaxşı zəmin yaradır”, - deyə deputat diqqətə çatdırıb.

O, ölkələrimiz arasında parlamentlərarası münasibətlərin də inkişaf etməkdə olduğunu və Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 2005-ci ildən etibarən fəaliyyət göstərdiyini xatırladıb.

“Slovakiya Baş nazirinin səfəri zamanı verilən mesajlardan da aydın oldu ki, müstəqil siyasət aparan Azərbaycan və Slovakiya bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar. Avropa İttifaqının üzvü olmasına baxmayaraq, Slovakiya Aİ-nin digər ölkələrin daxili işlərinə qarışmasının əleyhinədir. Eyni zamanda, rəsmi Bratislava Bakı ilə Avropa İttifaqı arasında körpü olmağa hazırdır. R.Fitso Azərbaycandakı obyektiv vəziyyəti Avropa İttifaqına təqdim etmək niyyətini də bəyan etdi. Bu da ikitərəfli münasibətlərdə sağlam yanaşmanın göstəricisidir. Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır”, - deyən Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.