Azərbaycan və Ermənistan arasında sülh prosesi və geosiyasi perspektivlər

Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında keçmiş Sovet İttifaqının dağılmasından sonra yaranan ən mühüm və mürəkkəb problemlərdən biridir. Bu münaqişə dərin tarixi köklərə malikdir və regionda ciddi geosiyasi təsirlərə səbəb olub.

1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi ilə Qarabağ bölgəsində erməni millətçi hərəkatlar gücləndi. Bu hərəkatlar 1988-ci ildə geniş miqyaslı hərbi əməliyyatlara çevrildi.

1992-1994-cü illər arasında Ermənistan və Azərbaycan arasında geniş miqyaslı döyüşlər baş verdi. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağ və ətraf yeddi rayonu işğal etdilər. Erməni təcavüzü nəticəsində minlərlə insan həyatını itirdi, yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrildi və regionda böyük dağıntılar yarandı. Ermənistan əhalisinin böyük hissəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdi. İşğalın davam etdiyi illər ərzində bu ərazilərdə məskunlaşma və tikinti işləri aparıldı, lakin bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmadı.

1994-cü ildə Bişkek protokolunun imzalanması ilə tərəflər arasında atəşkəs elan edildi. Lakin bu atəşkəs davamlı sülhə gətirib çıxarmadı və münaqişə zonasında dövri gərginliklər davam etdi. ATƏT-in Minsk qrupu münaqişənin həlli üçün vasitəçilik missiyasını üzərinə götürdü, lakin illər ərzində təşkilatın fəaliyyətsizliyi ilə bu proses nəticəsiz qaldı.

2020-ci ilin sentyabr ayında Ermənistanın təxribatları və artan gərginliklər nəticəsində İkinci Qarabağ Müharibəsi başladı. Azərbaycan Ordusu geniş miqyaslı hərbi əməliyyatlara başladı və Ermənistan Silahlı Qüvvələrinə ağır zərbələr endirdi. Bu əməliyyatlar nəticəsində Azərbaycan strateji əhəmiyyətli şəhər və kəndləri, o cümlədən Şuşa şəhərini azad etdi.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan tarixi qələbə qazandı və Ermənistan məğlub oldu.

2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və Rusiya arasında üçtərəfli bəyanat imzalandı. Bu bəyanatla Ermənistan işğal etdiyi ərazilərdən çıxmağa məcbur oldu və regionda yeni bir reallıq yarandı. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başladı/

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan dərhal sülh təşəbbüsləri ilə çıxış etdi. Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün çağırışlar etdi. Lakin Ermənistan hakimiyyəti tərəfindən bu təşəbbüslər yetərincə cavablandırılmadı.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...” öhdəliyi icra edilmədi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı.

Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində - Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Belə ki, ordumuz mülki şəxslərə dəyə biləcək zərərlərdən maksimum yayınmaq üçün mülki əhali və infrastruktur obyektlərinin yaxınlığında məqsədli şəkildə yerləşdirilmiş legitim hərbi obyektlərə belə, zərbələr endirməkdən çəkindi.

Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

İkinci Qarabağ müharibəsi və ondan sonra keçirilən lokal anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bütün bunlar isə Azərbaycan tərəfindən dəqiqliklə hesablanmış siyasətin tərkib hissəsi idi. Rusiyalı sülhməramlılar da vaxtından əvvəl Azərbaycan ərazisini tərk etdilər.

Azərbaycan İkinci Qarabağ müharibəsindən, eləcə də,  lokal xarakterli antiterror tədbirlərindən sonra da Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi  üçün təkliflər irəli sürüb. Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunması üçün Ermənistanla dialoqun vacibliyini hər zaman vurğulayıb.

Ermənistan hakimiyyətində bəzi qüvvələr İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etməkdə çətinlik çəkir və revanşist siyasət yürüdürlər. Bu qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışır və yeni gərginliklərə səbəb ola biləcək addımlar atır. Zaman-zaman Ermənistanın bəzi siyasi partiyaları və hərbi dairələri sülh proseslərinə qarşı çıxaraq regionda yeni gərginliklər yaratmağı hədəfləyirlər. Bu, regionda davamlı sülhün təmin olunmasına mane olur və yeni gərginliklər yaradır. Ermənistanın daxili siyasi mübarizəsi və revanşist siyasət yürüdən dairələri sülh proseslərinin irəliləməsinə ciddi təsir edir.

Azərbaycan və Ermənistan rəhbərlərinin müxtəlif dövrlərdə Brüssel, Münxen, Kişineu, Soçi, Moskva, Praqada baş tutan görüşləri sülh prosesi istiqamətində zaman-zaman müsbət siqnallar versə də, yekun nəticə hələki əld olunmayıb.

Sülh müqaviləsinin imzalanmaması regionda sabitlik və təhlükəsizliyin təmin olunmasını çətinləşdirir. Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olunması regionun inkişafı üçün olduqca vacibdir.

Azərbaycanın sülh təşəbbüsləri və beynəlxalq vasitəçilik cəhdləri nəticəsində regionda müəyyən irəliləyişlər əldə olunsa da, hələ də tam sülhə nail olunmayıb. Beynəlxalq ictimaiyyət, ABŞ, Rusiya və Avropa İttifaqı regionda sülh və sabitliyin təmin olunması üçün səylər göstərirlər. Lakin Ermənistanın içindəki revanşist qüvvələr, onların havadarları və bir sıra xarici dairələr  sülh müqaviləsinin imzalanmasını yubatmağa çalışmaqla bu səylərə mane olur. Davam edən sülh prosesləri regionda uzunmüddətli sabitlik yaratmaq üçün vacibdir.

Azərbaycan hakimiyyəti artıq sülh prosesinə start verib. Beləki Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlayıb və məcburi köçkünlərin geri qayıdışını təmin etməyə çalışır. Azərbaycanın strateji hədəfi Ermənistanla davamlı sülhə nail olmaq, regionda təhlükəsizlik və sabitliyi təmin etməkdir.

Qarabağ münaqişəsi və onun nəticələri Ermənistan üçün dərs olmalı və regionda davamlı sülh və sabitliyin təmin olunması üçün addımlar atılmalıdır. Qarabağ münaqişəsi, Birinci və İkinci Qarabağ müharibələri, və bu müharibələrdən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesləri haqqında məlumatların genişlənməsi bu iki ölkə arasında davamlı sülhün bərpası üçün vacibdir. Beynəlxalq ictimaiyyətin və vasitəçilərin dəstəyi ilə Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olmaq mümkündür. Bunun üçün ilk növbədə Ermənistan ölkə sülh proseslərinə sadiq qalmalı və qarşılıqlı inam və etimad mühitinin yaradılmasına çalışmalıdır.

Azərbaycan heç bir vasitəçi olmadan da danışıqların baş tutacağına və yekun razılığın əldə olunmasını mümkün hesab edir. Ən effektiv üsul da budur. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi, həm də Cənubi Qafqazda potensial münaqişəyə son qoyaraq, stabilliyə nail olmaq deməkdir.

Ömər Alpaqut