Ankara Ticarət Palatası Şurasının binasında “Qafqaz İslam Ordusu və Ənvər Paşa” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları qismində Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Ankara Ticarət Palatası, Türk Dünyası Parlamentarilər Fondu (TDPV) və Azərbaycanın Türkiyədəki Səfirliyi çıxış edib.
Tədbir iştirakçıları Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinə dualar oxuyub, daha sonra Qafqaz İslam Ordusu haqqında film nümayiş olunub.
Türk Dünyası Parlamentariləri Fondunun rəhbəri Abdulla Çalışkan Bakının bolşevik və daşnaklardan azad edilməsini Osmanlı ordusunun Birinci Dünya Müharibəsi dövründə qazandığı üç böyük qələbədən biri adlandırıb. “Qafqaz İslam Ordusunun keçdiyi şərəfli yol haqlı olaraq Çanaqqala və Kut əl-Əmər döyüşləri iştirakçılarının şücaətləri ilə eyni sıradadır”, - deyə Abdulla Çalışkan bildirib.