Brüsseldə “Qara dəniz regionunda sülh və təhlükəsizlik naminə qadınların birləşməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Sentyabrın 26-da Belçikanın paytaxtı Brüsseldə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qara dəniz regionunda sülh və təhlükəsizlik naminə qadınların birləşməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda Qara dəniz ölkələri qadın vətəndaş cəmiyyəti nümayəndələri, BMT Qadın Proqramının Brüssel nümayəndəliyinin rəhbəri, Avropa Şurasının Brüssel ofisinin rəhbərinin, NATO-nun Brüssel qərargahının nümayəndəsinin, beynəlxalq platformaların və yerli vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi təmsil edəcək. Konfransın keçirilməsində məqsəd Qara dəniz ölkələrinin ərazilərində mövcud olan münaqişələrə son qoyulmasına, problemlərin isə sülh müqaviləsi ilə nəticələnməsinə çağırışdır.

Konfransın əsas müzakirə mövzusu Ukrayna, Gürcüstan, Moldova və digər ölkələrin ərazilərində münaqişələrin hələ də davam etməsi, Ermənistanın Azərbaycanla sülhdən yayınması, bundan isə ən çox qadınların və uşaqların zərər görməsi, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması olacaq. Bu məqsədlə beynəlxalq təşkilatların həmin ərazilərdə sülhə dəstək verməsi, qadınların sülh quruculuğunda iştirakının dəstəklənməsi üçün dövlət başçılarına və beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.