Azərbaycan ilə Anqola arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antonio ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.

Azərbaycan və Anqola arasında iqtisadi-ticarət, habelə humanitar sahədə ikitərəfli, o cümlədən çoxtərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.