COP29: Ramin Məmmədov: Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin inşasına xüsusi diqqət göstərilir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-a səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunan görüşdə iştirak edib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ramin Məmmədov görüş zamanı Azərbaycandakı sağlam dini mühit, nümunəvi birgəyaşayış ənənəsi haqqında danışaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər, tolerant və multikultural dəyərlərin qorunması, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlərə toxunub. Bildirib ki, ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqlara malikdir. Ölkəmizdə müxtəlif dinlərə aid dini ibadət yerlərinin inşasına, dini abidələrin qorunmasına və bərpasına xüsusi diqqət göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu unikal tolerantlıq mühitinin möhkəmlənməsi, bəşəri dəyərlərin inkişafı istiqamətində böyük layihələr həyata keçirir.

Görüş iştirakçıları Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə göstərilən qayğıdan, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində görülən işlərdən məmnunluqlarını ifadə ediblər. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edən təşəbbüsləri dəstəklədiklərini vurğulayıblar.

Eyni zamanda, bu il Azərbaycanın ev sahibliyi etdiyi COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq müzakirə olunub, tədbirin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.